BAKI, 17 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla qarşıdurmada uğur qazandığını və bunun nəticələrinin yaxın vaxtlarda görünəcəyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə xalqa televiziya müraciəti zamanı danışıb.

ABŞ liderinin sözlərinə görə, ölkəsi İran istiqamətində “çox böyük qələbə” əldə edir və bunun bəhrələri tezliklə üzə çıxacaq.

“Biz Venesuelada qələbə qazandıq. İndi həmin ölkə milyonlarla barel neft hasilatı ilə bağlı bizimlə əməkdaşlıq edir. Biz həmçinin İranda çox böyük qələbə əldə edirik. Bu işin nəticələrini çox yaxın zamanda görəcəksiniz”, – deyə Tramp bildirib.

ABŞ Prezidenti İranla bağlı hansı konkret nəticələri nəzərdə tutduğunu açıqlamayıb.

Qeyd edək ki, son günlər ABŞ və İran arasında hərbi qarşıdurma daha da kəskinləşib. Vaşinqton İran ərazisində müxtəlif hədəflərə zərbələr endirir, Tehran isə buna cavab olaraq ABŞ-ın regiondakı hərbi obyektlərinə hücumlar həyata keçirdiyini bildirir.