BAKI, 13 iyul. TELEQRAF
ABŞ Silahlı Qüvvələri İrandakı hədəflərə qarşı həyata keçirdiyi növbəti hərbi əməliyyatı yekunlaşdırıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı bir neçə bölgədə yerləşən onlarla hədəf yüksək dəqiqlikli sursatlarla vurulub. Hücumların məqsədinin İranın Hörmüz boğazından keçən beynəlxalq gəmiçiliyə qarşı hücum imkanlarını zəiflətmək olduğu qeyd edilib.
Məlumata görə, ABŞ qüvvələri qırıcı təyyarələr, hərbi gəmilər və pilotsuz uçuş aparatlarından istifadə edərək İranın hava hücumundan müdafiə sistemlərini, sahil radarlarını və hərbi katerlərini hədəfə alıb.
***
06:52
ABŞ hərbçiləri İrana qarşı başladığı yeni zərbələr dalğasını hələ dayandırmayıb.
Teleqraf xəbər verir ki, bu barədə CNN ABŞ administrasiyasının adının açıqlanmadığı nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, hücumlar artıq bir neçə saatdır davam edir. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) əməliyyatın ABŞ-ın şərq sahili vaxtı ilə saat 17:00-da başladığını açıqlayıb.
CNN qeyd edir ki, hazırkı zərbələr seriyası ABŞ ordusunun son dövrdə həyata keçirdiyi digər hücumlarla müqayisədə daha uzun çəkir.