BAKI, 13 iyul. TELEQRAF
ABŞ və İran arasında raket və pilotsuz uçuş aparatları ilə qarşılıqlı hücumlar davam edir. Tehran ABŞ-ın yeni zərbələrinə cavab olaraq Körfəz ölkələrindəki Amerika obyektlərini hədəfə alıb və Hörmüz boğazını yenidən bağladığını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, İranın hücumları Qətər, Bəhreyn, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Omanda yerləşən hədəfləri əhatə edib. Qətər İranın hücumu nəticəsində raket qalıqlarının düşməsi səbəbindən biri uşaq olmaqla üç nəfərin yaralandığını açıqlayıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) isə İranın Hörmüz boğazında ticarət gəmilərinə təhlükə yaratmaq imkanlarını zəiflətmək məqsədilə yeni zərbələrə başladığını bildirib. Komandanlığın nümayəndəsi Tim Hokins CNN-ə açıqlamasında ABŞ qüvvələrinin İranın bir qanadlı raketini və pilotsuz uçuş aparatını vurduğunu deyib.
Reuters-in məlumatına görə, İran Hörmüz boğazından keçidlərin müvəqqəti dayandırıldığını və sabitlik bərpa olunana qədər gəmilərə icazələrin verilməyəcəyini açıqlayıb. Bununla yanaşı, ABŞ tərəfi boğazda gəmi hərəkətinin davam etdiyini və İranın bu marşruta nəzarət etmədiyini bildirib.
İran Xarici İşlər Nazirliyi ABŞ-nin son hücumlarını "təcavüz" adlandıraraq, Vaşinqtonu və İsraili bölgədəki gərginliyə görə məsuliyyət daşımaqda ittiham edib.
ABŞ Prezidenti Donald Tramp isə "Reuters"ə qısa telefon müsahibəsində İrana qarşı əməliyyatları şərh edərkən "Onları ciddi şəkildə vururuq" ifadəsini işlədib.