BAKI, 13 iyul. TELEQRAF
İranın regiondakı ABŞ hərbi bazaları və obyektlərinə endirdiyi zərbələr ölkənin qanuni özünümüdafiə hüququnun həyata keçirilməsidir.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai “X” sosial şəbəkəsində yayımladığı açıqlamada bildirib.
Bəqai BMT-nin Baş katibi Antonio Quterreşin Fars körfəzində gərginliyin artması ilə bağlı narahatlığına cavab olaraq qeyd edib ki, baş verənlər hərbi toqquşma deyil, ABŞ və İsrail tərəfindən həyata keçirilən “açıq və səbəbsiz təcavüz aktının davamıdır”.
“İranın Fars körfəzinin cənub hissəsində yerləşən ABŞ hərbi bazaları və obyektlərinə zərbələri beynəlxalq hüquqa uyğun olaraq ölkənin ayrılmaz özünümüdafiə hüququnun qanuni və əsaslı şəkildə həyata keçirilməsidir”, - deyə İran XİN rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, təcavüzkarları beynəlxalq hüququ kobud şəkildə pozduqlarına görə məsuliyyətə cəlb etmədən İranı öz suverenliyini qorumaqda ittiham etmək tamamilə məsuliyyətsiz yanaşmadır.
Qeyd edək ki, iyulun 12-də Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri İran tərəfindən həyata keçirilən hava hücumlarının dəf edildiyini açıqlayıb. Qətər Daxili İşlər Nazirliyinin məlumatına görə, vurulan raketlərin qalıqlarının düşməsi nəticəsində biri uşaq olmaqla üç nəfər xəsarət alıb.