BAKI, 11 iyul. TELEQRAF

ABŞ administrasiyası bəyan edib ki, İran zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməyə razılaşmasa, tərəflər arasında yekun razılaşmanın əldə olunması mümkün olmayacaq.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Brifinq zamanı çıxış edən amerikalı rəsmilərdən biri Vaşinqtonun bu məsələdə mövqeyinin dəyişməz olduğunu bildirib.

“Mən açıq şəkildə bildirmək istəyirəm ki, əgər biz həmin materialı əldə etməsək, İranla heç bir saziş olmayacaq”, - deyə ABŞ rəsmisi vurğulayıb.

Onun sözlərinə görə, Tehran bu tələbi yerinə yetirməkdən imtina edərsə, Vaşinqtonun əlində müxtəlif alternativ addımlar mövcuddur.

"Reuters" qeyd edir ki, ABŞ administrasiyası zənginləşdirilmiş uranı qeyri-rəsmi şəkildə “nüvə tozu” adlandırır və bu ehtiyatların İranın nəzarətində qalmasını qəbuledilməz hesab edir.

Qeyd edək ki, ABŞ və İran arasında danışıqlar davam etsə də, tərəflər arasında əsas fikir ayrılıqlarından biri nüvə proqramı və zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlıdır.