BAKI, 11 iyul. TELEQRAF

ABŞ administrasiyası İrandan Hörmüz boğazının gəmiçilik üçün açıq olduğunu və İran tərəfinin bölgədən keçən gəmilərə hücum etməyəcəyini rəsmi şəkildə bəyan etməsini tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Amerikalı rəsmilərdən birinin sözlərinə görə, Vaşinqton Tehranın Hörmüz boğazındakı bütün marşrutların açıq olduğunu və gəmilərin artıq atəşə tutulmadığını ictimai şəkildə elan etməsini istəyir.

“Biz İran tərəfinin Hörmüz boğazındakı bütün yolların açıq olduğunu və onların artıq gəmilərə atəş açmadığını təsdiqləyən bəyanat verməsini tələb edirik. Ya belə bir açıqlama veriləcək, ya da bunun İran üçün xoşagəlməz nəticələri olacaq”, - deyə ABŞ rəsmisi bildirib.

Reuters-in məlumatına görə, Vaşinqton həmçinin Tehrandan boğazdan keçən gəmilərdən ödəniş alınmayacağına dair açıq öhdəlik götürməsini tələb edir.

Axios portalının müxbiri Barak Ravidin yaydığı məlumata əsasən, ABŞ İranın bu bəyanatı iyulun 11-də verməsinə çalışır.

ABŞ rəsmiləri son günlər Vaşinqton və Tehran arasında aparılan danışıqların məhsuldar keçdiyini də bildiriblər.