BAKI, 9 iyul. TELEQRAF

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti hərbi əməliyyat mərhələsinin başa çatdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı məlumata görə, ABŞ qüvvələri İran ərazisində təxminən 90 hərbi hədəfə zərbələr endirib.

Bildirilib ki, əməliyyatın məqsədi İranın Hörmüz boğazında ticarət gəmilərinə və mülki dənizçilərə qarşı hücum imkanlarını daha da zəiflətmək olub.

Məlumata əsasən, zərbələr hava hücumundan müdafiə sistemlərinə, sahil müşahidə sistemlərinə, raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlərə, eləcə də hərbi logistika infrastrukturuna endirilib.

Qeyd edək ki, ABŞ qüvvələri bundan əvvəl İranda 80 hərbi hədəfə zərbə endirmişdi.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə son hücumlardan sonra Hörmüz boğazının yalnız Tehranın şərtləri yerinə yetirildiyi halda açılacağını bəyan edib. O, həmçinin ABŞ-ın təhdidlərinin və öhdəlikləri pozmasının artıq cavabsız qalmayacağını bildirib.