BAKI, 9 iyul. TELEQRAF
ABŞ Hərbi Dəniz Qüvvələri Ərəb dənizində təxminən 20 döyüş gəmisi və yardımçı gəmidən ibarət hərbi qruplaşma yaradıb.
Teleqraf xəbər verir ki, "Fox News" telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, qruplaşmaya iki aviadaşıyıcı zərbə qrupu və desant qüvvələri daxildir.
Məlumata əsasən, aviadaşıyıcı zərbə qruplarına USS Abraham Lincoln və USS George H.W. Bush aviadaşıyıcıları rəhbərlik edir. Həmçinin USS Boxer universal desant gəmisi və onun göyərtəsində yerləşən ABŞ Dəniz Piyadalarının 11-ci ekspedisiya dəstəsi də qruplaşmanın tərkibinə daxildir.
Telekanalın məlumatına görə, bu gəmilərdə ümumilikdə təxminən 20 min hərbçi dənizçilər və dəniz piyadaları yerləşdirilib.
Bildirilib ki, ABŞ-nin regiondakı ümumi hərbi dəniz qüvvələri 24 hərbi gəmidən ibarətdir. Onların arasında Şərqi Aralıq dənizində və Yunanıstanın Krit adasındakı Suda körfəzi ABŞ hərbi-dəniz bazasında yerləşən dörd idarəolunan raketli esmines də var.
ABŞ-nin regionda hərbi mövcudluğunu artırması Vaşinqtonla Tehran arasında gərginliyin yenidən yüksəldiyi bir dövrə təsadüf edir.