BAKI, 30 iyun. TELEQRAF

Amerikalı milyarder investor Uorren Baffet "Qeyts Fondu"nun mərhum maliyyəçi Ceffri Epşteynlə əlaqələrinin araşdırılmasının nəticələrini gözlədiyi üçün ənənəvi yarımillik ianəsini hələlik etməyib.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Məlumata görə, fondun rəhbəri Bill Qeytsin Ceffri Epşteynlə əlaqələri ətrafında yaranan mübahisələr səbəbindən fond daxilində müstəqil araşdırma başladılıb. ABŞ Ədliyyə Nazirliyinin yanvarda açıqladığı elektron məktublarda Epşteynlə fond əməkdaşları arasında yazışmaların olduğu da üzə çıxıb.

Nəşrin yazdığına görə, Uorren Baffet araşdırmanın nəticələri açıqlanana qədər ianə qərarını təxirə salıb. Bildirilir ki, o, bu məsələ ilə bağlı qərarını ilin sonlarında, ənənəvi Şükran Günü müraciəti zamanı açıqlaya bilər.

95 yaşlı Baffet son iyirmi il ərzində "Berkshire Hathaway" şirkətinin səhmləri şəklində "Qeyts Fondu"na 47 milyard dollardan çox ianə edib.

Qeyd edək ki, 70 yaşlı Bill Qeytsə qarşı hər hansı cinayət ittihamı irəli sürülməyib. O, dəfələrlə Epşteynlə əlaqələrinə görə peşman olduğunu bildirib və Epşteynin cinsi istismar qurbanları ilə vaxt keçirdiyi barədə iddiaları rədd edib.