BAKI, 28 avqust. TELEQRAF
Ukrayna avqust ayında Rusiyanın ən böyük 10 neft emalı zavodundan 4-nə zərbələr endirib. Bu müəssisələr ölkənin əhalisinin ən sıx yaşadığı və ən çox sənayeləşmiş regionlarını yanacaqla təmin edir.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Ukrayna ordusu Rusiyanın neft emalı zavodlarına ən azı 21 dəfə hücum edib. Bu, bir ay ərzində qeydə alınan ən yüksək göstəricidir.
“Energy Aspects Ltd.” konsaltinq şirkətinin məlumatına görə, Rusiyada neft emalının həcmi hazırda 20 ildən artıq müddətin ən aşağı səviyyəsinə yaxınlaşıb. Hesablamalara əsasən, avqustda federasiyada sutkada orta hesabla 3,8 milyon bareldən bir qədər çox neft emal edilib. Yay aylarının əvvəlində, məzuniyyətlər və kənd təsərrüfatı işlərinin başlaması ilə tələbatın artdığı dövrdə Rusiyada sutkada 5,3-5,5 milyon barel neft emal olunub.
Nəşr qeyd edib ki, neft emalının əhəmiyyətli dərəcədə azalması nəticəsində avqustun ilk üç həftəsində benzin istehsalı və daxili bazara tədarük ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 20 faiz azalıb. Həmin dövrdə Rusiyada avtomobil yanacağı kimi benzindən daha az istifadə olunan dizel yanacağının istehsalı 23 faizdən çox aşağı düşüb. Bununla belə, daxili tədarük cəmi 3 faiz azalıb. Buna səbəb Rusiyanın bu yay dizel yanacağının böyük hissəsinin ixracına qadağa qoymasıdır.
Ukraynanın zərbələri başlamazdan əvvəl Rusiya dünyanın ən böyük dizel yanacağı ixracatçılarından biri idi və qlobal tədarükün təxminən 10 faizini təmin edirdi. İndi bu həcmin əhəmiyyətli hissəsi daxili bazarda qalır ki, bu da dizel yanacağının tədarükünün nisbətən sabit saxlanmasına kömək edir.
Şirkət sentyabr ayında Rusiyanın neft emalı zavodlarında emal həcminin bir qədər artaraq sutkada təxminən 4,2 milyon barrelə çatacağını proqnozlaşdırır. Qurumun analitiki Luis Niv-Hauz bildirib ki, Ukraynanın Rusiyanın neft emalı zavodlarına dron hücumları indiki templə davam edərsə, bu göstəricinin daha da aşağı düşməsi riski qalır.