BAKI, 28 avqust. TELEQRAF
“Qarabağ"ın avrokuboklarda mübarizəni dayandırmasını qəbul etmək çətindir, amma bu, futboldur. Əbədi heç nə olmur”.
Bunu Teleqraf-a açıqlamasında “Qarabağ”ın və Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev Ağdam klubunun 12 ildən sonra avrokubokların əsas mərhələsinə vəsiqə qazana bilməməsinə münasibət bildirərkən deyib.
Mütəxəssis “Qarabağ”ın bu mövsüm ciddi dəyişikliklər etdiyini bildirib:
“Qarabağ” bu mövsüm çox dəyişikliklərə getdi. Bir çox aparıcı futbolçu komandanı tərk etdi, onların yerinə gələn oyunçuların isə uyğunlaşması üçün zamana ehtiyac var. Yenidən sistem qurmaq üçün də vaxt lazımdır.
İnanıram ki, bu proses çox da uzun çəkməyəcək və yenidən əvvəlki “Qarabağ”ı görəcəyik”.
Şahin Diniyev “Tvente”yə qarşı məğlubiyyətin “Qarabağ”ın Premyer Liqadakı çıxışına təsir göstərə biləcəyini istisna etməyib:
“Bunun daxili liqaya təsir etməyəcəyini desək, düzgün olmaz. Düşünürəm ki, ilk 3-5 oyunda komandanın psixoloji durumu əvvəlki kimi olmayacaq. Amma zaman keçdikcə motivasiya öz yerini tapacaq və “Qarabağ” yenidən oyununu nümayiş etdirəcək”.
Qeyd edək ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-off turunda Niderlandın "Tvente" klubuna məğlub olaraq avrokuboklarda mübarizəni dayandırıb. Ağdam klubu səfərdə 1:0 hesablı nəticə qazansa da, Niderland təmsilçisi Bakıda 4:1 qələbə qazanıb.