BAKI, 28 avqust. TELEQRAF
23–29 avqust 2026-cı il tarixlərində Türkiyənin İzmir şəhərində yerləşən “Space Camp Turkey” mərkəzində Türk Dövlətləri Təşkilatının təşkilatçılığı ilə “IV Kosmik Düşərgə” keçirilib.
Teleqraf xəbər verir ki, düşərgə “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə “Azərkosmos”un nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın birgə təşkilatçılığı və "Azərbaycan Hava Yolları" QSC-nin tərəfdaşlığı ilə reallaşdırılıb.
Tədbirdə Azərbaycanın müxtəlif bölgələrindən olan 10 şəhid ailəsinin üzvü iştirak edib. Düşərgə çərçivəsində təşkil olunan sertifikatlaşdırma mərasimində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edərək çıxış edib. Baş katib tədbirin təşkilinə dəstək verən qurumlara təşəkkürünü bildirərək, bu layihənin Türk Dünyasının gənc nəsilləri arasında elmi əməkdaşlığı və dostluq əlaqələrini möhkəmləndirən mühüm bir platformaya çevrildiyini vurğulayıb.
“IV Kosmik Düşərgə”nin əsas məqsədi gənc nəslin STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) sahələrinə marağını artırmaq, onların innovasiya və kosmos texnologiyaları istiqamətində bilik və bacarıqlarının inkişafına dəstək verməkdir. Düşərgə iştirakçıları kosmos elmləri, süni intellekt, robototexnika və qabaqcıl texnologiyalar sahəsində nəzəri və praktiki təlimlərə qatılıb, müasir texnoloji avadanlıqlarla işləmək imkanı əldə ediblər.
Düşərgənin ən yaddaqalan və ilhamverici məqamlarından biri şəhid övladlarının Azərbaycan əsilli Türkiyə astronavtı Tuva Cihangir Atasevər ilə görüşü olub. Qardaş ölkənin ikinci astronavtı gənclərlə zəngin kosmos təcrübəsini bölüşərək, onları gələcəyin zirvələrinİ fəth etməyə ruhlandırıb. Görüşlə yanaşı, düşərgə zamanı həftəlik intensiv proqram çərçivəsində iştirakçılar "Discovery" və "Aurora" simulyasiyalı kosmik missiyalarda iştirak edib, "Hurricane 360 VR", "RIOT 3D", sıfır cazibə divarı ("Zero-G Wall"), çoxoxlu fırlanma ("Multi-Axis Trainer") və 1/6 cazibə qüvvəsi oturacağında müxtəlif sınaqlardan keçiblər. İştirakçılar, həmçinin Mars bazasının layihələndirilməsi, raket elmi və mühəndisliyi, isti hava balonlarının və təzyiqli raketlərin hazırlanması, mikrocazibə şəraitində insan fiziologiyası, Beynəlxalq Kosmik Stansiyada suyun dövriyyəsi və Hidroponika (torpaqsız əkinçilik) laboratoriyasında elmi təcrübələr mənimsəyiblər. Günəş və gecə səması müşahidələri aparan gənclər "Star Lab" planetarisində kosmos elmlərinin incəliklərinə yiyələniblər.
Qeyd edək ki, bu ilki proqram Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Cümhuriyyətindən ümumilikdə 65 şagird və 12 müəllimi bir araya gətirib. Mərasimdə Türk Dünyasının zəngin astronomiya və elm irsinə diqqət çəkən Qubanıçbek Ömürəliyev gəncləri STEM sahələrində karyera qurmağa, gələcəyin alimləri və mühəndisləri olmağa çağırıb. TDT Baş katibi, həmçinin təşkilat çərçivəsində kosmik əməkdaşlığın artan rolunu vurğulayaraq, Türk dövlətlərinin bu sahədəki ortaq vizyonunu praktiki müstəviyə daşıyan “Birgə kub peyk layihəsi”nin (Joint Cube Satellite Project) xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Proqramın sonunda təşkil olunan təntənəli sertifikatlaşdırma mərasimində İzmir valisi Dr. Süleyman Elban, TUA sədri Yusuf Kıraç, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, ESBAŞ İdarə Heyətinin sədr müavini Dr. Faruk Güler, "Space Camp Turkey" direktoru Halime Büyükyüksel, həmçinin müəllim və şagirdlər iştirak ediblər.
Proqram çərçivəsində gənclər simulyasiya əsaslı kosmik missiyalarda iştirak edib, komanda işinə yönəlmiş tapşırıqları yerinə yetirib və interaktiv fəaliyyətlər vasitəsilə gələcəyin texnologiyaları ilə yaxından tanış olublar. Eyni zamanda, onlar beynəlxalq mühitdə ünsiyyət və əməkdaşlıq bacarıqlarını inkişaf etdirərək yeni dostluq əlaqələri qurub və qlobal düşüncə tərzini formalaşdırıblar.
KOSMİK Akademiya tərəfindən həyata keçirilən bu təşəbbüs şəhid ailələrinin övladlarının elm və texnologiya sahəsində inkişafına dəstək göstərməklə yanaşı, onların gələcək karyera seçimlərinə müsbət təsir göstərir, kosmos və innovasiya sahələrində yeni uğurlar qazanmaq üçün motivasiya yaradır.
“IV Kosmik Düşərgə” iştirakçılara qazandırdığı bilik və təcrübə ilə onların STEM istiqamətlərinə marağının daha da güclənməsinə, elmi-tədqiqat fəaliyyətlərinə yönəlməsinə və gələcəkdə beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mütəxəssislər kimi formalaşmasına mühüm töhfə verir. Bu təşəbbüs eyni zamanda Azərbaycanın kosmos, yüksək texnologiyalar və innovasiya sahələrində uzunmüddətli inkişaf strategiyasına uyğun olaraq milli strateji kadr potensialının formalaşdırılmasına, gələcəyin alim, mühəndis və texnologiya liderlərinin yetişdirilməsinə xidmət edir.