BAKI, 30 iyun. TELEQRAF
Böyük Britaniya hökuməti yaxın dörd il ərzində ölkənin silahlı qüvvələri üçün pilotsuz sistemlərin istehsalına 5 milyard funt sterlinqdən (təxminən 6,6 milyard dollar) çox vəsait ayıracaq.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, maliyyələşdirmə iyunun 30-da açıqlanacaq müdafiə investisiya planında nəzərdə tutulub. Vəsait quru qoşunları, Kral Hərbi Hava Qüvvələri və Kral Hərbi Dəniz Qüvvələri üçün pilotsuz sistemlərin inkişafına yönəldiləcək.
Bundan başqa, ayrılan vəsaitin bir hissəsi iyunun ortalarında İngiltərənin Suindon şəhərində istifadəyə verilən və Avropanın ən böyük pilotsuz sistemlər sınaq mərkəzi hesab olunan obyektin fəaliyyətinə sərf ediləcək.
Böyük Britaniyanın müdafiə naziri Den Carvis bildirib ki, müasir müharibələrin xarakteri sürətlə dəyişir və Ukrayna ilə Yaxın Şərqdəki münaqişələr pilotsuz sistemlərin həlledici rol oynadığını göstərib.
Nazirliyin açıqlamasına görə, Kral Hərbi Dəniz Qüvvələri süni intellekt və avtonom sistemlərin döyüş gəmiləri ilə inteqrasiyası hesabına "hibrid donanma" modelinə keçəcək. Bu çərçivədə pilotsuz raket platformaları, sualtı qayıqlara qarşı mübarizə aparacaq sensor sistemləri, iri ölçülü pilotsuz sualtı aparatları və hava məkanına nəzarət edən pilotsuz platformalar yaradılacaq.
Bundan əlavə, Böyük Britaniya 2030-cu illərdə ən azı altı yeni Common Combat Vessel (CCV) döyüş gəmisini silahlanmaya qəbul etməyi planlaşdırır. Bu gəmilər hazırda istifadə olunan "Type 45" esmineslərini əvəz edəcək.
Müdafiə Nazirliyi həmçinin "Pantheon" layihəsi çərçivəsində F-35B qırıcıları ilə birgə fəaliyyət göstərə biləcək reaktiv pilotsuz uçuş aparatlarının sınaqlarının davam etdiyini bildirib.
Kral Hərbi Hava Qüvvələri üçün isə ekipajlı döyüş təyyarələri ilə birlikdə uçacaq yeni avtonom qırıcıların hazırlanması nəzərdə tutulur. İlk nümayiş nümunəsinin 2030-cu ilə qədər hazır olması planlaşdırılır.