BAKI, 30 iyun. TELEQRAF
Belçikanın Antverpen Dünya Almaz Mərkəzi (AWDC) ABŞ Prezidenti Donald Trampa ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə xüsusi üzük hədiyyə edib.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, qızıldan hazırlanan üzük ABŞ-nin Belçikadakı səfiri Bill Uayta təqdim olunub. Hədiyyə 321 təbii brilyant və 75 digər qiymətli daşla bəzədilib.
Antverpen Dünya Almaz Mərkəzi bildirib ki, ABŞ uzun illərdir onların əsas ticarət tərəfdaşlarından biridir.
"Antverpendə satılan təbii almazların böyük hissəsi son nəticədə amerikalı alıcıların əlinə keçir. Bu üzüyün iqtisadi əlaqələrimizin simvolu olmasını istəyirik", - deyə açıqlamada qeyd olunub.
Mərkəz üzüyün hazırlanmasında yalnız təbii brilyantlardan istifadə edildiyini xüsusi vurğulayıb. Bildirilib ki, təbii və sintetik almazları adi gözlə fərqləndirmək mümkün olmasa da, onların mənşəyi, dəyəri və statusu baxımından ciddi fərqlər mövcuddur.