BAKI, 30 iyun. TELEQRAF

İraqda korrupsiya araşdırması çərçivəsində neft nazirinin müavini Əli əl-Bəhadlidən təxminən 14 milyon dollar müsadirə olunub.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin Ali Məhkəmə Şurası məlumat yayıb.

Bildirilib ki, ilkin istintaqın nəticələrinə əsasən, Əli əl-Bəhadlidən 11 milyon ABŞ dolları və 4 milyard İraq dinarı (3 milyon dollardan çox) müsadirə edilib. Həmçinin onun adına olan bir sıra bahalı daşınmaz əmlak obyektlərinə də əl qoyulub.

Ali Məhkəmə Şurası neft nazirinin müavininin korrupsiya sxemlərində iştirakı ilə bağlı araşdırmanın davam etdiyini vurğulayıb.

Daha əvvəl "Al Hadath" telekanalı İraqda korrupsiya işi ilə əlaqədar azı 200 məmur barəsində həbs qərarı çıxarıldığını bildirmişdi. İraq Baş nazirinin rəsmi nümayəndəsi Heydər əl-Abudi korrupsiya ittihamı ilə saxlanılan şəxslərin ifadələrinin yeni maliyyə sxemlərinin və iştirakçıların üzə çıxarılmasına imkan verdiyini açıqlayıb.

Onun sözlərinə görə, Baş nazir Əli əz-Zeydi qanunsuz varlanmada təqsirləndirilən şəxslərdən müsadirə edilən vəsaitlərin yerləşdirilməsi üçün Maliyyə Nazirliyinə xüsusi hesab yaradılması barədə göstəriş verib.

Qeyd edək ki, bir gün əvvəl İraqda 47 yüksək vəzifəli məmur və parlament deputatı korrupsiya ittihamı ilə saxlanılıb. Həbslər Bağdadla yanaşı, Vasit və Ərbil vilayətlərində də həyata keçirilib. Hakimiyyət orqanları korrupsiyaya qarşı əməliyyatların davam etdiyini və yaxın vaxtlarda neft və energetika nazirliklərində korrupsiya ilə əlaqəli yeni adların açıqlanacağını bildirib.