BAKI, 30 iyun. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın ölkə məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərin sanksiya kimi qiymətləndirilməsinin yanlış olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Paşinyan bu fikirləri hakim "Vətəndaş Müqaviləsi" Partiyasının idarə heyətinin iclasından sonra jurnalistlərə açıqlamasında səsləndirib.

"Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclası keçiriləcək və orada baş nazirlər iştirak edəcəklər. "Sanksiya" sözü düzgün deyil. Heç bir sanksiya olmayıb və ola da bilməz. Təbii ki, başqa məsələlər var və onları müzakirə edəcəyik", - deyə Ermənistan hökumət başçısı bildirib.

Nikol Paşinyan Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər nəticəsində Ermənistan iqtisadiyyatının nə qədər zərər gördüyü ilə bağlı suala isə birbaşa cavab verməyib.

O qeyd edib ki, iqtisadiyyatda bəzi sahələr inkişaf etdiyi halda, digərlərində geriləmə müşahidə oluna bilər. Baş nazir ölkədə iqtisadi fəallıq göstəricisinin 11 faiz təşkil etdiyini vurğulayıb.

Qeyd edək ki, Rusiya daha əvvəl aşkar edilmiş pozuntular səbəbindən Ermənistandan idxal olunan bir sıra məhsullara məhdudiyyət tətbiq edib. Məhdudiyyətlər mineral sular, alkoqollu içkilər, meyvə və tərəvəzlər də daxil olmaqla müxtəlif məhsul növlərini əhatə edir.