BAKI, 9 iyun. TELEQRAF
İsrail hazırda İrana qarşı zərbələri dayandırıb, lakin Tehran tərəfindən istənilən yeni hücuma cavab vermək hüququnu özündə saxlayır.
Teleqraf xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu televiziya ilə xalqa müraciəti zamanı deyib.
“Hazırda atəş dayandırılıb. Çünki Tehrandakı terror rejiminə zərbə endirdikdən sonra onlar bizə hücum etməyi dayandırdılar. Əgər İrandakı terror rejimi səhvə yol verərək yenidən bizə hücum etsə, biz bütün gücümüzlə cavab verəcəyik”, - Netanyahu bildirib.
Baş nazir qeyd edib ki, bu mövqe İsrailin özünümüdafiə hüququndan irəli gəlir və o, bunu ABŞ Prezidenti Donald Trampa da çatdırıb.
“İsrailin özünü müdafiə etmək üçün tam hüququ var və biz bu hüquqdan lazım gəldiyi qədər istifadə edəcəyik. Mən bunu sizə dediyim kimi, dostum Prezident Trampa da hörmət və minnətdarlıqla bildirirəm”, - o vurğulayıb.
Netanyahu həmçinin İranın və onun müttəfiqi olan Livanın şiə hərəkatı “Hizbullah”ın hazırda əvvəlkindən daha zəif olduğunu iddia edib.
Onun sözlərinə görə, İsrail isə tarixinin ən güclü dövrlərindən birini yaşayır. Bununla belə, baş nazir mübarizənin hələ başa çatmadığını bildirib.
“Son sutka ərzində İran və "Hizbullah" bizə yeni qaydalar diktə etməyə çalışdılar. Bu qaydalar mənim üçün qəbuledilməzdir. Onlar düşünürdülər ki, Livan və İran ərazisindən İsrailə atəş açacaq, biz isə cavab verməyəcəyik. Bu baş vermədi və baş verməyəcək”, - Netanyahu əlavə edib.
Xatırladaq ki, iyunun 7-də axşam saatlarında İran İsrailin şimal bölgələrinə raket zərbələri endirib. İsrail ordusu raketlərin hamısının zərərsizləşdirildiyini açıqlayıb. Hadisədən əvvəl İsrail Beyrut ətrafında yerləşən “Hizbullah” obyektinə zərbə endirmişdi.
İsrail tərəfi bunu “Hizbullah”ın hücumlarına cavab kimi qiymətləndirib. İran isə Livanın paytaxtına zərbə endiriləcəyi təqdirdə cavab verəcəyini bəyan etmişdi. İyunun 8-nə keçən gecə İsrail İran ərazisinə hücum edib, səhər saatlarında isə Tehran yenidən İsrailə raket zərbələri endirib. Günün ikinci yarısında tərəflər atəşkəs elan ediblər.