BAKI, 9 iyun. TELEQRAF
Meksika Prezidenti Klaudiya Şeynbaum 2026-cı il futbol üzrə dünya çempionatının açılış mərasiminin etiraz aksiyalarına baxmayaraq sülh və əmin-amanlıq şəraitində keçiriləcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə dövlət başçısı gündəlik mətbuat konfransında bəzi qrupların hakimiyyəti sərt addımlar atmağa təhrik etməyə çalışdığını deyib.
“Bizi təxribata çəkmək istəyən qruplar var və bunlar mütləq müəllimlər deyil. Onların məqsədi repressiyalara nail olmaqdır. Onlar istəyirlər ki, dünya çempionatının açılışı ərəfəsində beynəlxalq medianın əsas xəbəri Meksika hökumətinin müəllimlərə qarşı repressiya tətbiq etməsi olsun. Buna nail ola bilməyəcəklər. Eyni zamanda, çempionatın açılışının sülh və sakitlik şəraitində baş tutacağına zəmanət veririk”, - Şeynbaum bildirib.
Prezident qeyd edib ki, iri beynəlxalq idman tədbiri ərəfəsində vəziyyəti sabitlikdən çıxarmağa yönəlmiş cəhdlər təkcə həmkarlar ittifaqları tərəfindən deyil, digər maraqlı qruplar tərəfindən də həyata keçirilə bilər.
“Biz sakitliyin təmin olunması üçün ən yaxşı həll yollarını tapacağıq və açılış problemsiz keçəcək”, - o əlavə edib.
Son günlər Meksikada bir sıra tətil və etiraz aksiyaları keçirilir. Daha əvvəl tətil edən müəllimlər Mexiko şəhərinin mərkəzində yerləşən və dünya çempionatı zamanı paytaxtın əsas azarkeş zonasının qurulacağı Sokalo meydanına aparan küçələrdən birini bağlamışdılar.
Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək. Açılış oyununda Meksika və Cənubi Afrika yığmaları üz-üzə gələcəklər.