BAKI, 9 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İsrailin 12-ci kanalına verdiyi eksklüziv müsahibədə baş nazir Benyamin Netanyahu ilə son danışıqların məzmununu açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp qeyd edib: "Mən Bibiyə dedim ki, o, son dərəcə diqqətli olmalıdır. İsrail təyyarələri artıq İrana gedirdi, amma mən həmin hücumun miqyasını azalda bildim".
Amerika lideri bildirib ki, son 24 saat ərzində gərgin danışıqlar zamanı Netanyahunu münaqişənin tammiqyaslı müharibəyə çevrilməsinin fəlakətli nəticələri barədə birbaşa xəbərdar edib: "Mən Bibiyə dedim ki, hərəkətlərinizdə çox diqqətli olun, çünki çox tezliklə İrana qarşı təkbaşına mübarizə apara bilərsiniz".
Tramp əlavə edib ki, İsrail ABŞ-ni vəziyyətlə bağlı çox gec məlumatlandırıb: "Onların qüvvələri artıq İrana doğru gedirdi. Lakin mən bu zərbənin miqyasını azalda bildim."
Tramp vurğulayıb ki, Vaşinqton və Tehran arasında vasitəçilik səylərində iştirak edən beş Yaxın Şərq ölkəsinin liderləri Netanyahuya maksimum təzyiq göstərmək xahişi ilə ona müraciət ediblər: "Regional oyunçuların əsas məqsədi qarşılıqlı hücumları dayandırmaq və hərtərəfli razılaşmanın imzalanmasına doğru irəliləməkdir. Bu səhər iranlılar bizimlə əlaqə saxlayaraq artıq İsrailə hücum etməyəcəklərini bildiriblər. Onlar bizdən hücumları dayandıra bilmələri üçün bunu İsrailə ötürməyimizi istəyiblər. Mən dərhal Bibiyə zəng edib onu dayandırmasını istədim".