BAKI, 8 iyun. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin hələlik Avropa İttifaqına üzv olmağa hazır olmadığını bəyan edib.

Teleqraf xəbər verir ki, "Vətəndaş Müqaviləsi" Partiyasının lideri seçkilərdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, İrəvan Avropa İttifaqı ilə yaxınlaşma siyasətini davam etdirəcək, eyni zamanda Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) üzvlüyünü qoruyacaq.

"Biz Avropa İttifaqı ilə yaxınlaşma kursunu davam etdirəcəyik. Eyni zamanda Aİİ-də iştirakımızı və üzvlüyümüzü də davam etdirəcəyik. Rusiya və Aİİ-yə üzv digər ölkələrlə münasibətlərimizi inkişaf etdirəcəyik", - Paşinyan deyib.

Baş nazir vurğulayıb ki, Ermənistanın əsas məqsədi ölkəni Avropa İttifaqının standartlarına uyğun səviyyəyə çatdırmaqdır.

"Ermənistan da hələlik Avropa İttifaqının üzvü olmağa hazır deyil. İlk məqsədimiz ölkədə islahatlar aparmaq və onu Aİ standartlarına uyğun səviyyəyə çatdırmaqdır. Bunun üçün demokratik islahatlar prosesini davam etdirməliyik", - o bildirib.

Paşinyan qeyd edib ki, gələcəkdə Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirilsə belə, vətəndaşlar bu təşəbbüsə qarşı səs verə bilərlər.

Onun sözlərinə görə, hazırda belə referendumun keçirilməsi üçün hüquqi əsas yoxdur, çünki Ermənistan nə rəsmi üzvlük müraciəti edib, nə də namizəd ölkə statusuna malikdir.

Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan Mərkəzi Seçki Komissiyasının yekun nəticələri açıqlamasından öncə parlament seçkilərində qələbə qazandığını bəyan etmişdi. Son məlumatlara görə, onun rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası səslərin 51,8 faizini toplayaraq liderliyini qoruyur.