BAKI, 8 iyun. TELEQRAF
Ermənistanda parlament seçkilərinin yeni ilkin nəticələri açıqlanıb.
Teleqraf xəbər verir ki, Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, 506 seçki məntəqəsindən daxil olan bülletenlərin (ümumi səslərin 15,01 faizi) hesablanmasından sonra Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyası 51,8 faiz səslə liderliyini qoruyur.
Partiya indiyədək 113 min 488 səs toplayıb.
İş adamı Samvel Karapetyanın yaratdığı "Güclü Ermənistan" bloku isə 23,22 faiz səslə (50 min 873 səs) ikinci yerdə qərarlaşıb və əvvəlki nəticələrlə müqayisədə liderlə arasındakı fərqi müəyyən qədər azaldıb.
Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku 9,42 faiz (20 min 632 səs), iş adamı Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" Partiyası isə 4,28 faiz (9 min 385 səs) toplayıb.
MSK-nın məlumatına görə, seçkilərdə iştirak səviyyəsi 58,97 faiz təşkil edib.
Qeyd edək ki, səsvermə iyunun 7-də yerli vaxtla saat 20:00-da başa çatıb. Ölkə üzrə ümumilikdə 2005 seçki məntəqəsi fəaliyyət göstərib.
Parlamentə düşmək üçün siyasi partiyalar minimum 4 faiz, seçki blokları isə 8-10 faiz səs toplamalıdır. Seçkilərdə 16 partiya və 2 blok olmaqla ümumilikdə 18 siyasi qüvvə iştirak edib.