BAKI, 8 iyun. TELEQRAF
ABŞ-nin İsraildəki diplomatik nümayəndəlikləri iyunun 8-də fəaliyyət göstərməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin İsraildəki səfirliyinin rəsmi saytında məlumat yerləşdirilib.
Qərar iyunun 7-də axşam saatlarında İranın İsrailin şimal bölgələrinə raket zərbələri endirməsindən sonra qəbul olunub.
Məlumata əsasən, ABŞ-nin Qüds və Təl-Əvivdəki diplomatik nümayəndəlikləri bir günlük bağlanıb.
Eyni zamanda amerikalı diplomatlara və onların ailə üzvlərinə evdə qalmaq, hava hücumu xəbərdarlığı veriləcəyi halda dərhal sığınacaqlara keçməyə hazır olmaq tapşırılıb.
"İsraildə mövcud təhlükəsizlik vəziyyəti ilə əlaqədar ABŞ səfirliyi bütün dövlət qulluqçularına və onların ailə üzvlərinə növbəti göstərişədək evdə qalmağı və hava həyəcanı elan edilərsə, qorunan məkanlara keçməyə hazır olmağı tövsiyə edib", - açıqlamada bildirilir.
Xatırladaq ki, iyunun 7-də İran İsrailin şimalına raket hücumu həyata keçirib. İsrail Ordusu bütün raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb.
Hücum İsrailin həmin gün Beyrut ətrafında yerləşən və İranın dəstəklədiyi "Hizbullah" təşkilatına aid obyektə zərbə endirməsindən sonra baş verib.