BAKI, 8 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə təcili telefon danışığı aparacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə İsrailin 12-ci telekanalına bildirib.
ABŞ liderinin sözlərinə görə, məqsədi Netanyahunu İranın İsrail ərazisini raket atəşinə tutmasına cavab olaraq hərbi əməliyyat keçirməkdən çəkindirməkdir.
"İndi Netanyahuya zəng edəcəyəm və ona deyəcəyəm ki, cavab olaraq İrana hücum etməsin", - Donald Tramp bildirib.
Qeyd edək ki, bundan əvvəl İran və İsrail arasında gərginlik daha da artıb. İran tərəfi İsrailin Livanın cənubuna endirdiyi zərbələrə cavab olaraq raket hücumları həyata keçirdiyini açıqlayıb. İsrail isə İran ərazisindən raket buraxılışlarının qeydə alındığını təsdiqləyib.
Bundan əvvəl Donald Tramp İran-İsrail qarşıdurmasının Vaşinqtonla Tehran arasında mümkün razılaşmaya mane olmamasına ümid etdiyini bildirmişdi.