BAKI, 24 may. TELEQRAF
Pakistanın cənub-qərbində yerləşən Kvetta şəhərində sərnişin qatarının partladılması nəticəsində ölənlərin sayı 24-ə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.
Sosial şəbəkələrdə yayılan video və fotogörüntülərdən məlum olur ki, güclü partlayışın təsirindən qatarın iki vaqonu aşıb və orada güclü yanğın başlayıb. Hadisənin hərbçilərin və təhlükəsizlik qüvvələrinin sıx yerləşdiyi ərazidə törədildiyi bildirilir. Şahidlərin sözlərinə görə, partlayış dalğası yol kənarındakı onlarla avtomobilə və yaxınlıqdakı binalara ciddi ziyan vurub.
Hücuma görə məsuliyyəti Pakistandan müstəqillik tələb edən və fəaliyyəti qadağan olunmuş "Bəlucistan Azadlıq Ordusu" terror qruplaşması öz üzərinə götürüb. Qruplaşmanın jurnalistlərə göndərdiyi rəsmi bəyanatda hədəfin birbaşa Pakistan hərbçiləri olduğu təsdiqlənib.
***
11:02
Pakistanın cənub-qərbində yerləşən Kvetta şəhərində sərnişin qatarının partladılması nəticəsində azı 16 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press of Pakistan" agentliyi yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, partlayış Çaman-Phatak ərazisi yaxınlığında dəmir yolu xəttində, sərnişin qatarının hərəkətdə olduğu vaxt baş verib. Hadisə nəticəsində yaxınlıqda park edilmiş avtomobillərə də ziyan dəyib.
“Geo” telekanalının məlumatına əsasən, partlayış zamanı 20-dən çox insan xəsarət alıb.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.