BAKI, 19 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrandan nüvə silahı yaratmaq niyyətinin olmaması barədə yazılı bəyanat gözlədiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Onların düşündüyü son şey nüvə silahıdır. İndi bunu yazılı şəkildə təsdiqləməlidirlər”, - ABŞ lideri qeyd edib.

Trampın sözlərinə görə, ABŞ mayın 19-da İrana qarşı “çox böyük hücuma” hazırlaşırmış. Lakin Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələr Vaşinqtondan planın həyata keçirilməsini təxirə salmağı xahiş edib.

ABŞ prezidenti bildirib ki, hazırda İranla yeni razılaşma variantı müzakirə olunur və bunun əldə olunması üçün yaxşı imkanlar var.

Qeyd edək ki, Tehran dəfələrlə nüvə silahı yaratmaq niyyətində olmadığını bəyan edib. Qərb xüsusi xidmət orqanları da İranın nüvə silahı hazırladığına dair sübut aşkarlamadıqlarını açıqlayıblar.

İranın ali dini lideri Əli Xameneinin 2003-cü ildə verdiyi fətvada isə nüvə silahının istehsalının qadağan edildiyi vurğulanıb.