BAKI, 19 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və digər ölkələr Vaşinqtondan İrana mümkün zərbələrin iki-üç gün təxirə salınmasını xahiş edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ evdə jurnalistlərlə söhbəti zamanı danışıb.
Onun sözlərinə görə, region ölkələri İranla razılaşmanın əldə olunmasına yaxın olunduğunu hesab edir.
“Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və bəzi digər ölkələr məndən soruşdular ki, İrana zərbələri iki-üç gün, qısa müddətə təxirə sala bilərikmi? Çünki onlar razılaşmaya çox yaxın olduğumuzu düşünürlər”, - ABŞ lideri deyib.
Tramp qeyd edib ki, mümkün razılaşma İranın nüvə silahı əldə etməməsi şərti ilə baş tuta bilər.
ABŞ prezidenti əlavə edib ki, Vaşinqton zərbələrin təxirə salınması qərarı barədə İsraili və Yaxın Şərqdəki digər ölkələri məlumatlandırıb.
“Görək bu nəyəsə gətirib çıxaracaqmı”, - deyə Tramp vurğulayıb.