BAKI, 14 may. TELEQRAF
HƏMAS hərəkatı Fələstin prezidenti Mahmud Abbasın rəhbərlik etdiyi FƏTH hərəkatının nümayəndələri ilə birlikdə vahid milli strategiya barədə razılığa gəlmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu təkliflə hərəkatın Siyasi Bürosunun üzvü Hüssam Bədran çıxış edib.
"Biz (Həmas) bütün mövcud məsələləri əhatə edən vahid milli strategiya üzərində razılığa gəlmək üçün FƏTH hərəkatındakı qardaşlarımızı ümumi konfranslarından sonra birbaşa görüşə dəvət edirik", - deyə HƏMAS-ın Telegram kanalında dərc olunmuş bəyanatında bildirilir.
"FƏTH konfransı daxili milli münasibətlərdə irəliləyiş əldə etmək üçün qapı açıb. Fələstin məsələsini tamamilə məhv etməyə çalışan İsrail hakimiyyəti ilə qarşılaşmaq üçün döyüş hazırlığını artırmaq olduqca vacibdir. Bu isə birlikdən keçir" - H.Bədran qeyd edib.
HƏMAS Siyasi Bürosunun üzvü hesab edir ki, Fələstin fraksiyalarının fikir ayrılıqlarından və keçmişin yükündən yuxarı qalxıb milli tərəfdaşlıq və kollektiv məsuliyyət prinsiplərinə əsaslanaraq gələcəyə baxmasının vaxtı gəlib çatıb.