BAKI, 14 iyul. TELEQRAF
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak qiymətləri 2025-ci ilin yanvar-iyun aylarına nisbətən 5,7% artıb.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, artım qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,7%, qeyri-qida məhsulları üzrə 3,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 5,7% olub.
2025-ci ilin iyun ayı ilə müqayisədə illik istehlak qiymətləri 5,8% artıb, son bir ayda isə 0,3% azalıb.
2026-cı ilin iyun ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,7% azalıb, əvvəlki ilin müvafiq ayına nisbətən 7,1% artıb.
Cari ilin iyununda əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, toyuq əti, yoqurt, qatıq, süfrə marqarini, günəbaxan və qarğıdalı yağı, limon, alma, ərik, ağ kələm, soğan, qazlı və qazsız suların qiymətləri bahalaşıb, təzə balıq, yumurta, banan, alça, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, süfrə çuğunduru, sarımsaq və kartofun qiymətləri ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin iyununda qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,1%, əvvəlki ilin müvafiq ayına nisbətən 3,8% artıb. İyun ayında əvvəlki ayla müqayisədə boya, mebel, avtomobillər üçün mühərrik yağı və mobil telefonların qiymətləri bahalaşıb, məişət avadanlıqları və zərgərlik məmulatlarının qiymətləri ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin iyununda əhaliyə göstərilən ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,1%, əvvəlki ilin müvafiq ayına nisbətən 5,6% təşkil edib. İyun ayında əvvəlki ayla müqayisədə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və ölkədaxili istirahət turlarının qiymətləri bahalaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.