ŞUŞA, 14 iyul. TELEQRAF

Bu gün IV Şuşa Qlobal Media Forumu çərçivəsində "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" adlı panel müzakirə təşkil edilib.

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, panel müzakirədə İordaniya Haşimilər Krallığının Kommunikasiya Nazirliyinin Baş katibi Zeyd Əl-Nəvaysə və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) Baş katibinin müavini Zhang Ling çıxış edib.

Panelə AnewZ TV aparıcısı Dilek Tuna moderatorluq edib.

Zeyd Əl-Nəvaysə çıxışında bildirib ki, Şuşa Qlobal Media Forumu beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi baxımından mühüm platformadır.

Onun sözlərinə görə, əvvəllər əsas problem informasiyaya çıxışın məhdud olması idisə, bu gün məlumat əlçatandır.

"Əvvəllər əsas sual məlumatın əlçatan olub-olmaması idi. Bu gün isə əsas sual məlumatın etibarlı olub-olmamasıdır. Etimad etibarlılıq, şəffaflıq və auditoriyanın məlumatı düzgün dəyərləndirmək bacarığından asılıdır. Süni intellekt sürətlə inkişaf edir və daim yeni imkanlar yaradır. Buna görə daha diqqətli olmalıyıq".

Zhang Ling isə deyib ki, beynəlxalq medianın rolu qlobal informasiya mühitində böyük əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, ictimaiyyətin operativ və düzgün məlumatlandırılması, həmçinin hadisələrə vaxtında və dəqiq reaksiya verilməsi etimadın formalaşmasında əsas amillərdəndir.

Panel sessiyası müzakirələrlə davam edir.

FOTO: Elnur Muxtar