BAKI, 2 may. TELEQRAF
Slovakiyanın Baş naziri Robert Fitsonun Qələbə Günü tədbirlərində iştirak etmək üçün Moskvaya uçuş müddəti seçilən marşrutdan asılı olaraq 4 saatdan 8 saata qədər uzana bilər.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a Avropa İttifaqının aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, bir sıra Avropa ölkələri və Aralıq dənizinin neytral suları üzərindən keçərək Qara dəniz istiqamətindən Rusiyanın hava məkanına daxil olmaqla həyata keçirilən uçuşun müddəti iki dəfə çoxdur.
Qeyd olunub ki, daha əvvəl Çexiya hakimiyyəti Fitsonun təyyarəsinin Moskvaya uçuşuna icazə verib, lakin Latviya, Litva, Polşa və Estoniya Slovakiya liderinin təyyarəsinin öz hava məkanlarına daxil olmasını qadağan edib.
Slovakiyanın Baş naziri daha əvvəl açıqlamasında mayın 9-da Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə görüşməyi planlaşdırdığını bildirib. O, Moskvaya Slovakiyanın azad edilməsi uğrunda döyüşlərdə həlak olan Qızıl Ordu əsgərlərinin xatirəsini yad etmək üçün yola düşür.