BAKI, 8 mart. TELEQRAF
Çin İranın və Fars körfəzi regionunda yerləşən bütün ölkələrin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin vacibliyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Naziri Van İ Pekində keçirilən mətbuat konfransında bildirib.
Nazir qeyd edib ki, suverenlik mövcud beynəlxalq nizamın əsasını təşkil edir və bu prinsip pozulmamalıdır.
“Suverenlik mövcud beynəlxalq nizamın təməlidir. Çin İranın və Fars körfəzi ölkələrinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət edilməsinin tərəfdarıdır. Onları pozmaq olmaz”, - deyə Van İ vurğulayıb.
O əlavə edib ki, hərbi gücdən düşünülməmiş şəkildə istifadə etmək qəbuledilməzdir və silah gücü haqlı olmaq anlamına gəlmir.
Van İ-nin sözlərinə görə, dünya genişmiqyaslı güc tətbiqi praktikasına qayıtmamalıdır, çünki bu yanaşma güc nümayiş etdirmir, əksinə mülki əhalini müharibənin günahsız qurbanlarına çevirir.