BAKI, 2 mart. TELEQRAF

Türkiyənin Dezenformasiya ilə Mübarizə Mərkəzi bəzi sosial media platformalarında yayılan ABŞ-nin Türkiyədəki hərbi bazasının İran tərəfindən vurulması barədə xəbərin tamamilə əsassız olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, rəsmi bəyanatda bu cür paylaşımların Türkiyəni regional münaqişələrin tərəfi kimi göstərməyə xidmət edən dezenformasiya cəhdi olduğu vurğulanıb.

Açıqlamada bildirilir ki, Türkiyə ərazisində hər hansı başqa ölkəyə məxsus müstəqil hərbi baza mövcud deyil:

"Türkiyə Respublikasının hava, quru və dəniz sahələri, eləcə də bütün hərbi obyektləri tamamilə ölkənin öz suverenliyi və nəzarəti altındadır. Ölkə ərazisinə qarşı heç bir hücum baş verməyib. Türkiyənin müdafiə və təhlükəsizlik strukturlarının bütün bölmələri hazırda xidmət başındadır və proseslər aidiyyatı qurumlar tərəfindən anlıq olaraq izlənilir".

Rəsmi qurum ictimaiyyəti bu növ əsassız iddialara etibar etməməyə və yalnız dövlət tərəfindən verilən rəsmi məlumatları diqqətə almağa çağırıb.