BAKI, 19 fevral. TELEQRAF
İran ABŞ ilə yaranmış gərginliyin həlli yolları ilə bağlı yazılı təklif təqdim etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə yüksək vəzifəli ABŞ rəsmisi "Reuters" agentliyinə açıqlamasında bildirib.
Məlumata görə, bu addım çərşənbə axşamı Cenevrədə ABŞ və İran nümayəndələri arasında keçirilən danışıqlardan sonra gözlənilir. ABŞ rəsmisinin sözlərinə görə, İran tərəfi Cenevrə görüşündə Vaşinqtonun narahatlıqlarının necə aradan qaldırıla biləcəyinə dair yazılı təklif təqdim etməyə razılaşıb və hazırda ABŞ bu sənədi gözləyir.
"Reuters" yazır ki, ABŞ-nin milli təhlükəsizlik üzrə əsas müşavirləri çərşənbə günü Ağ Evin Böhran Otağında İran məsələsini müzakirə ediblər və regiona yerləşdirilən ABŞ hərbi qüvvələrinin martın ortalarına qədər tam hazır vəziyyətə gətirilməli olduğu bildirilib.
Məlumata görə, ABŞ dövlət katibi Marko Rubio fevralın 28-də İsraildə baş nazir Benyamin Netanyahu ilə görüşərək İran məsələsini müzakirə edəcək.
Xəbərdə qeyd olunur ki, Cenevrədə ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşner, İranın xarici işlər naziri Abbas Əraqçi ilə dolayı danışıqlar aparıblar. Bu görüşlərin məqsədi iki ölkə arasında dərinləşən böhranın qarşısını almaq olub.
ABŞ İranın nüvə proqramından imtina etməsini istəyir, Tehran isə atom silahı hazırlamağa çalışdığını təkzib edir və nüvə proqramından tam imtina etməyəcəyini bildirir. Vaşinqton danışıqların gündəliyini İranın raket arsenalına da şamil etmək niyyətindədir. İran isə yalnız sanksiyaların yüngülləşdirilməsi qarşılığında nüvə proqramı üzrə məhdudiyyətləri müzakirə etməyə hazır olduğunu və uranın zənginləşdirilməsindən tam imtina etməyəcəyini bəyan edir.
Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlərə açıqlamasında Cenevrə danışıqlarında müəyyən irəliləyiş əldə olunduğunu, lakin bəzi məsələlərdə tərəflər arasında hələ də ciddi fikir ayrılıqlarının qaldığını deyib.
"Reuters" yazır ki, ABŞ prezidenti Donald Tramp regionda hərbi mövcudluğun artırılması barədə göstəriş verib və artıq ikinci aviadaşıyıcı qrupun da bölgəyə göndərilməsi planlaşdırılır. Rəsmilərin sözlərinə görə, ABŞ qüvvələrinin tam tərkibdə yerləşdirilməsi martın ortalarına qədər başa çatmalıdır.