BAKI, 19 fevral. TELEQRAF
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistan hakimiyyətinin ölkənin dəmir yollarının idarəçiliyində Rusiyanı əvəzləmək niyyətini kifayət qədər işlənib hazırlanmış qərar hesab etmir. Onun sözlərinə görə, bu cür addım illər ərzində formalaşmış sistemi bir anda sındıra bilər.
Teleqraf xəbər verir ki, TASS agentliyinin məlumatına görə, Sergey Şoyqu bildirib ki, çətin şəraitdə uzun müddətdir Ermənistanda fəaliyyət göstərən Rusiya dəmir yolu daşıyıcısını başqa bir şirkətin tam və effektiv şəkildə əvəzləməsi çətin görünür. O qeyd edib ki, belə düşünülməmiş qərarlar adi vətəndaşlar üçün təhlükəli nəticələrə səbəb ola bilər və yaranacaq problemlərə görə heç bir dost ölkə məsuliyyət daşımayacaq.
Şoyqu xatırladıb ki, təxminən 20 il ərzində “Cənubi Qafqaz Dəmir Yolu” QSC konsessiya müqaviləsinin, o cümlədən investisiya öhdəliklərinin şərtlərini məsuliyyətlə yerinə yetirib. Onun sözlərinə görə, bu müddətdə Ermənistanın dəmir yolu sisteminə, o cümlədən vaqon parkına Rusiyanın yatırımları 30 milyard rubldan çox qiymətləndirilir. Şoyqu Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya şirkətinin konsessiyada qalmasının potensial tərəfdaşları çəkindirdiyi və regional layihələrə mane olduğu barədə fikirlərinə də toxunub.
Rusiya Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, müqaviləyə əsasən “Cənubi Qafqaz Dəmir Yolu” QSC konsessiyaçı kimi aktivlərin mülkiyyətində, istifadəsində, idarə olunmasında, istismarında, xidmətində, təmirində və zəruri təkmilləşdirmələrində məsuliyyət daşıyır. Onun sözlərinə görə, müqavilə imzalanarkən Rusiya tərəfi Ermənistan dəmir yolları sisteminə aid 1 200-dən çox daşınmaz əmlak obyektinə və 12 500-dən çox daşınar əmlak vahidinə görə məsuliyyət götürüb.
Şoyqu bildirib ki, son 20 ildə konsessiya sazişi sayəsində Ermənistan büdcəsinə 15 milyard rubldan çox vergi ödənilib, 520 kilometrdən artıq yol təmir edilib, şəbəkədə 50 faiz şpal dəyişdirilib, 38 körpü və 2 tunel daxil olmaqla 50-dən çox qurğu bərpa olunub. Onun sözlərinə görə, şirkət hər il orta hesabla 500 mindən çox sərnişin və 1,6 milyon tondan artıq yük daşıyır. Şoyqu vurğulayıb ki, şirkət 2,5 mindən çox insanı işlə təmin edir və onların demək olar hamısı Ermənistan vətəndaşlarıdır.
Sergey Şoyqu xatırladıb ki, SSRİ dağıldıqdan sonra Ermənistanın dəmir yolu sistemi ağır böhran vəziyyətində olub, infrastruktur ciddi şəkildə köhnəlib və bir sıra sahələr fəaliyyət göstərməyib. Bu şəraitdə Ermənistan hökuməti yolun bərpası üçün müsabiqə elan edib və həmin müsabiqəni Rusiya qazanıb. Onun sözlərinə görə, 2008-ci ilin fevralında Ermənistan Respublikası, “Rusiya Dəmir Yolları” ASC və “Cənubi Qafqaz Dəmir Yolu” QSC arasında Ermənistanın dəmir yolu sisteminin 2038-ci ilədək konsessiyaya verilməsi barədə müqavilə imzalanıb.