BAKI, 19 fevral. TELEQRAF

Amerikalı jurnalist Taker Karlson ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi ilə müsahibədən sonra İsraildə saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Məlumata görə, müsahibədən qısa müddət sonra Karlsonun pasportu müsadirə olunub və o, dindirmə otağına aparılıb.

Karlson bildirib ki, özlərini hava limanının təhlükəsizlik xidməti əməkdaşları kimi təqdim edən şəxslər onlardan səfir Hakabi ilə nədən danışdıqlarını izah etməyi tələb ediblər.

“Özlərini hava limanının təhlükəsizlik əməkdaşları kimi təqdim edən şəxslər bizdən səfir Hakabi ilə nə barədə danışdığımızı izah etməyi tələb etdilər... Bu, qəribə idi. Hazırda biz ölkə xaricindəyik”, – deyə jurnalist qeyd edib.

ABŞ-nin İsraildəki səfirliyi amerikalı jurnalist Taker Karlsonun Təl-Əvivdə saxlanılmasını təkzib edib. Səfirlikdən bildirilib ki, ona İsrailə gələn bir çox digər qonaqlara, o cümlədən səfir Hakabi və digər diplomatlara olduğu kimi suallar verilib.