BAKI, 19 fevral. TELEQRAF
Rusiya tərəfi ABŞ-yə Qəzzanın bərpası üçün dondurulmuş vəsaitlərdən 1 milyard dolların istifadə olunmasına razılıq barədə nota göndərib, lakin Vaşinqtondan hələlik cavab almayıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Al Arabiya” telekanalına müsahibəsində bildirib.
Sergey Lavrov Rusiyanın Qəzza üzrə Sülh Şurasının işinə töhfə verməyə hazır olduğunu təsdiqləyib və xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin Fələstin prezidenti Mahmud Abbasın səfəri ilə bağlı açıqlamasında Moskvanın ABŞ-nin Co Bayden administrasiyası dövründə dondurulmuş vəsaitlərdən Fələstinin, ilk növbədə isə Qəzza sektorunun bərpası üçün 1 milyard dollar ayırmağa hazır olduğunu bəyan edib.
Nazirin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu ideyanı eşidəndə müsbət qarşılayıb və bunu yaxşı fikir adlandırıb. Lakin o vaxtdan bəri Amerika tərəfi öz prezidentinin mövqeyini rəsmi şəkildə təsdiqləməyib. Lavrov qeyd edib ki, Moskva Vaşinqtona rəsmi nota göndərərək bu sənədin Rusiyanın razılığı və göstərişi kimi qəbul olunmasını, vəsaitin Qəzza sektorunda həyata keçiriləcək layihələrə yönəldilməsini xahiş edib.
Sergey Lavrov vurğulayıb ki, Rusiya bu vəsaitlərin mülki əhalinin əsas ehtiyaclarına, yaşayış evlərinin, poliklinikaların, məktəblərin və digər sosial obyektlərin tikintisinə yönəldilməsini istəyir. Nazir əlavə edib ki, fevralın 19-da Vaşinqtonda Qəzza üzrə Sülh Şurasının iclasının keçirilməsi və ölkələrin 5 milyard dollar ayırmağa söz verdiyi açıqlanıb. Onun sözlərinə görə, ümid edilir ki, bu məbləğin 1 milyard dolları Rusiyaya məxsus olacaq.