BAKI, 17 fevral. TELEQRAF

ABŞ Konqresinin Senatında Demokratlar Partiyasını təmsil edən, Nyu-Hempşir ştatından seçilmiş senator Cinn Şahin fevralın 16-da Buxarestdə ABŞ səfirliyində rumıniyalı jurnalistlərlə görüşdə Konqresin Nümayəndələr Palatasının Hüquq Komitəsinin Avropa Komissiyasının Aİ ölkələrində, o cümlədən Rumıniyada seçkilərə sistemli müdaxiləsi ilə bağlı hazırladığı hesabatı tənqid edib.

Teleqraf xəbər verir ki, "Hotnews.ro" portalının yaydığı məlumata görə, Şahin bildirib ki, sözügedən sənəd ideoloji və qərəzli xarakter daşıyır və nə ABŞ-nin müdafiə dairələrində, nə də ictimaiyyət arasında ciddi qəbul olunur. Onun sözlərinə görə, hesabat səhvdir və faktlara əsaslanmır, buna görə də rumınlar ona məhəl qoymamalıdır.

Hesabatda Rumıniyada 2024-cü ildə keçirilmiş prezident seçkilərinə də toxunulur. Həmin vaxt Konstitusiya Məhkəməsi birinci turun nəticələrini ləğv etmişdi və bu turda millətçi siyasətçi Kelin Corcesku qalib gəlmişdi. Rumıniya xüsusi xidmət orqanları onun seçki kampaniyasının "TikTok" şəbəkəsində guya Rusiya tərəfindən dəstəkləndiyini iddia etmişdi. Lakin komitəyə təqdim olunan "TikTok"un xidməti sənədləri bu versiyanı təsdiqləmir. Hesabatda qeyd olunur ki, "TikTok" Avropa Komissiyasını məlumatlandıraraq Buxarestin Rusiyanın müdaxiləsi ilə bağlı iddialarını təsdiqləyən heç bir sübut tapmadığını və ona belə sübutların təqdim edilmədiyini bildirib. Sənəd fevralın əvvəlində dərc olunub.

Məlumata görə, senator həmçinin Demokratlar Partiyasının respublikaçı Prezident Donald Tramp administrasiyasının Rumıniyada ABŞ qoşunlarının sayını azaltmaq qərarı ilə razılaşmadığını bildirib və rumın vətəndaşlarının ABŞ-yə vizasız səfərləri üçün rejimin tətbiqini dəstəkləyəcəyini vəd edib.

Qeyd edək ki, Cinn Şahin Tramp administrasiyasını sərt tənqid edən siyasətçilərdən biri kimi tanınır. Rumıniyaya səfəri zamanı o, Prezident Nikuşor Dan, xarici işlər və müdafiə nazirləri ilə görüşüb, həmçinin Feteşti aviabazasına baş çəkib. Həmin bazada F-16 qırıcıları üçün pilotların hazırlığı aparılır.