BAKI, 17 aprel. TELEQRAF
Bakıda 1997-ci il təvəllüdlü Elşən bacısının keçmiş həyat yoldaşı Səfəri (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, o, 2023-cü ilin iyunun 7-də saat 00:30-da “Extra” adlı gecə klubuna müştəri düşürərkən bacısı Əsmərin keçmiş əri Səfəri orada görüb.
Elşən ona ailəli olduğu dövrdə bacısını döydüyünü, övladı Amilə maddi-mənəvi dəstək olmadığını, onunla maraqlanmadığını irad tutub. Yaranmış mübahisə zamanı o, ov bıçağı ilə Səfərə ardıcıl zərbələr vurub. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Elşənin barəsində Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd), 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) və 228.4-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları gəzdirmə) maddələri ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Elşən özünü Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilib. İfadəsində göstərib ki, bir müddətdir taksi fəaliyyəti ilə məşğul olur. Hadisə günü müştərini təyinat yerinə çatdırdıqda təsadüfən bacısının keçmiş həyat yoldaşı Səfəri görüb: “Bir az danışdıq, sonra mübahisə etdik. Söhbət əsnasında o, mənim başıma kəllə ilə zərbə endirdi, əlini belinə doğru hərəkət etdirdi. Elə bildim, bıçaq çıxaracaq. Amma bıçaq çıxarmadı, mənə zərbələr endirməyə başladı.
Məndən cüssəli olması səbəbindən onu özümdən uzaqlaşdırmaq məqsədilə bıçağı ayağına doğru hərəkət etdirdim. Sonra dava böyüdü və biz yerə yıxıldıq. Bıçaq Səfərin boğazına dəydi. Bizi ətrafdakılar ayırdı. Səfərin qardaşı gələrək onu apardı.
Hadisə zamanı bıçağın Səfərin boğazına dəyməsini bilməmişəm. Bu barədə mənə Səfərin qardaşı məlumat verdi”.
Təqsirləndirilən şəxs deyib ki, Səfər bacısı ilə rəsmi şəkildə boşanıb: “Səfərdən dəfələrlə aliment tələb etsək də, ödəmir. Bu barədə müvafiq dövlət orqanlarına rəsmi şəkildə müraciət etmişik, nəticəsi olmayıb. Əvvəllər danışmaq istəmişik, amma Səfər mənimlə görüşmədi. Həmin gecə onun fikrini öyrənmək üçün söhbət etmək istədim. Dedim, sənin hərəkətin kişiliyə yaraşmır. Bundan sonra o, məni vurdu.
Səfəri söyməmişəm. Bıçaq çıxarana kimi Səfər mənə kəllə zərbəsi vurmuşdu. Üzərimdə olan bıçaqla onu özümdən uzaqlaşdırmaq istəyirdim. Taksi fəaliyyəti ilə məşğul olduğuma görə həmişə üzərimdə bıçaq gəzidirirdim. İlk bıçaq zərbəsi onun əlinə, ikincisi qoluna dəydi. Digər bıçaq zərbələrini isə xatırlamıram.
Səfərlə məni ətrafdakı şəxslər aralamamışdan öncə yerdə bıçağı onun sinəsinə dirədim və “heyif ki, bacım uşağının atasısan” sözlərini dedim. Yalnız bundan sonra ətrafdakı şəxslər bizi ayırdılar”.
Təqsirləndirilən şəxs deyib ki, zərərçəkmiş şəxslə barışıq əldə edib.
Zərərçəkmiş Səfər ifadəsində göstərib ki, 2023-cü il iyun ayının 7-də gecə saatlarında Elşən ona yaxınlaşıb: “Yaxınlıqda heç kim yox idi. Söhbət etməyə başladıq, keçmiş qohumluq münasibətləri barədə danışdıq. Elşən mənə “kişi deyilsən” sözlərini dedi. Mən də eyni sözləri ona qaytardım, dalaşmağa başladıq”.
Zərərçəkmiş qeyd edib ki, Elşənin bacısı ilə rəsmən boşanıb: “Onunla evli olduğumuz dövrdə münasibətlərimiz normal olub, yoldaşımı döyməmişəm, təhqir etməmişəm. Mən taksi fəaliyyəti ilə məşğul oluram, Elşən məni təsadüfən gördü. Mən həmin ərazidə dayanmıram. Su almaq üçün orada düşmüşdüm. Orada klubun olub-olmaması barədə məlumatım yoxdur. İlk olaraq kimin hücum etdiyini xatırlamıram”.
Səfər ibtidai istintaqa fərqli ifadə verib. Göstərib ki, 2023-cü ilin mart ayında keçmiş arvadı Əsmərin qardaşı Elşən “İnstagram” sosial şəbəkəsində ona mesaj yazaraq görüşmək istədiyini deyib: "Mən görüşdən imtina etdim, narahat etdiyi halda barəsində polisə şikayət edəcəyimi bildirdim. Daha cavab vermədi.
Sonra “İnstagram” sosial şəbəkəsində “eşidirsən, sənə deyirəm ki, görüşüb, üzbəüz söhbət eləməliyik, məni polislə hədələmə” məzmunda mesaj yazdı. Heç bir cavab yazmadım və məndən uzaq olmasını istədim”.
Səfərin sözlərinə görə, iyunun 7-də sifariş əsasında sərnişini Şəki dairəsi adlanan əraziyə aparıb: “Əhməd Rəcəbli küçəsində sifariş çox olduğundan həmin əraziyə döndüm. Zibil qutularının yanında avtomobili saxladım, su almaq üçün avtomobildən düşdüm. Elşən yaxınlaşaraq “ayə, qaçma, yaxşı ki, tapdım səni” deyib mənə yaxınlaşdı. Ondan nə istədiyini soruşdum. Dedim ki, bacınla qanun çərçivəsində nikahımız polzulub, məni narahat eləmə. Elşən isə “sən kişi deyilsən, ölməli adamsan, səni öldürəcəm” dedi.
Dava-dalaş, söz-söhbət olmaması üçün oradan kənarlaşmaq istədim. Bu vaxt Elşən cibindən bıçaq çıxararaq üstümə hücum çəkdi. Bıçaqla boğaz nahiyəmə zərbə endirdi”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən 8 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Məhkumun müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi müvəkkilinin əməlində Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkib əlaməti olmadığından cinayət işinin icraatına həmin hissədə bəraətverici əsaslara görə xitam verilməsini, təqsirli bilindiyi əməllərinin Cinayət Məcəlləsinin 29,120.1 və 228.4-cü maddələrindən həmin məcəllənin 128 və 228.4-cü maddələrinə tövsif edilməsini, eyni zamanda onun azadlıqdan məhrum etməmə növündə cəzaya məhkum olunması barədə qərar çıxarılmasını xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi şikayət təmin etməyib. Bundan sonra məhkumun müdafiəçisi Ali Məhkəməyə müraciət edib. Daha yuxarı instansiya məhkəməsi isə şikayəti qismən təmin edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü məhkumun Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair hissədə ləğv edilib.
İttihamdan Cinayət Məcəlləsinin 221.3-cü maddəsi xaric edilib. Məhkum Cinayət Məcəlləsinin 29,120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib, onun cəzası 7 il 11 aya endirilib.