BAKI, 17 aprel. TELEQRAF

Rumıniya prezidenti Nikuşor Dan ölkənin siyasi böhran dövrünə daxil olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, dövlət başçısı bu vəziyyətin hakim koalisiyaya daxil olan Sosial-Demokrat Partiyası (SDP) ilə Milli-Liberal Partiya (MLP) arasındakı rəqabətdən qaynaqlandığını deyib: “Hazırda biz siyasi böhranın başlanğıcındayıq. Bu böhrana cavabı rəqabət aparan iki partiya verəcək”.

Məlumata görə, Dan yaxın həftələrdə tərəflərin atacağı addımların vəziyyətə aydınlıq gətirəcəyini qeyd edib və özünün vasitəçi rolunu qoruyacağını bildirib.

Prezident əlavə edib ki, 2024-cü il parlament seçkilərindən sonra ölkədə üç əsas siyasi blok formalaşıb: 30 faiz islahatçı qüvvələr, 30 faiz mühafizəkar Sosial-Demokrat Partiyası və 40 faiz isə anti-Qərb yönümlü siyasi cərəyanlardır. O, Qərbyönlü qüvvələrin əməkdaşlığının Rumıniyanın maliyyə sabitliyi və Avropa fondlarına çıxışı üçün vacib olduğunu vurğulayıb.

Dövlət başçısı eyni zamanda azlıq hökumətinin qurulması ehtimalını istisna etməyib və belə halda əsas problemin parlament dəstəyi olacağını bildirib.

Qeyd edək ki, Nikuşor Dan Sosial-Demokrat Partiyasının koalisiya razılaşmasını pozaraq baş nazirin istefasını tələb etdiyini iddia edib və bu partiyanın, eləcə də Rumınların Birləşməsi Alyansı ilə birlikdə irəli sürəcəyi namizədi heç vaxt baş nazir təyin etməyəcəyini vurğulayıb.