BAKI, 17 aprel. TELEQRAF

“Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq dövlət xidmətlərinin “mygov” portalı üzərindən göstərilməsi istiqamətində işlər genişləndirilir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Teleqraf-a bildirilib ki, bu çərçivədə qurumun daxili elektron sənəd dövriyyəsi sistemi (ESD) ilə “mygov” platforması arasında inteqrasiya başa çatdırılıb.

Bu ilin aprel ayından tətbiq olunan yeni elektron xidmət vətəndaşların müraciətlərinin operativ, şəffaf və vahid mexanizm əsasında qəbulunu və cavablandırılmasını təmin edir.

Bu inteqrasiya həm də “Böyük Qayıdış” Proqramının icrası baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, azad edilmiş ərazilərə qayıdan vətəndaşların dövlət xidmətlərinə çıxışının asanlaşdırılması, müraciətlərinin çevik şəkildə həlli və sosial-inzibati məsələlərin elektron qaydada operativ həlli üçün əlavə imkanlar yaradılır.