BAKI, 17 aprel. TELEQRAF
“Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərində baş verən partlayışlarla bağlı məhkəmə prosesi Londonda start götürüb.
Teleqraf xəbər verir ki, işə İngiltərə və Uelsin Ali Məhkəməsində baxılır. İddiaçı qismində çıxış edən “Nord Stream” şirkəti cavabdeh tərəf olan “Lloyd’s of London” sığorta bazarından 580 milyon avro məbləğində ödəniş tələb edir.
Məlumata görə, prosesə hakim Kler Mulder rəhbərlik edir və dinləmələrin təxminən beş həftə davam edəcəyi gözlənilir. Qeyd olunur ki, məhkəmə partlayışların kim tərəfindən törədildiyini araşdırmayacaq və yalnız sığorta ödənişləri məsələsinə baxacaq.
“Lloyd’s of London” tərəfi iddia edir ki, hadisə ya dövlətlərin – Rusiya, ABŞ və ya Ukraynanın göstərişi ilə, ya da Ukrayna ilə bağlı qeyri-dövlət qüvvələri tərəfindən həyata keçirilib və buna görə də sığorta ödənişi istisna hallara düşür. “Nord Stream” isə kəmərlərin münaqişə zonasında olmadığını, hərbi obyekt sayılmadığını və dəyən zərərin hər hansı hərbi məqsədə xidmət etmədiyini vurğulayır.
Qeyd edək ki, 2022-ci il sentyabrın 27-də “Nord Stream AG” şirkəti bir gün əvvəl “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərinin üç xəttində “misli görünməmiş dağıntılar” baş verdiyini açıqlamışdı. Bununla bağlı Rusiya Baş Prokurorluğu beynəlxalq terror aktı maddəsi ilə cinayət işi açıb.