Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-nin Hörmüz boğazında dəniz blokadası tətbiq etmək cəhdinin qanunsuz olduğunu bildirib və əlavə edib ki, bu cür hərəkətlər açıq şəkildə cinayət və təcavüz kateqoriyasına aiddir.
Teleqraf xəbər verir ki, Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında bildirib: "Bölgədə gərginliyin tam miqyaslı artmasının qarşısını almaq və danışıqlar prosesi üçün uyğun şərait yaratmaq üçün atəşkəs razılaşmasına tam əməl edilməlidir. BMT Nizamnaməsinə görə, blokada yalnız bu qurum tərəfindən tətbiq edilə bilər. BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazı ilə bağlı heç bir qərar verilməyib. ABŞ-nin blokada tədbirləri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə əsasən qanunsuz hesab edilməlidir. Vaşinqton beynəlxalq hüququ öz istədiyi kimi şərh edir. Bu, yalnız gərginliyin artmasına və iqtisadi nəticələrə gətirib çıxarır. Əgər həqiqətən də İran limanlarının və sahil xəttinin silahlı qüvvələrdən istifadə etməklə blokadası varsa, bu cür hərəkətlər açıq şəkildə cinayət və təcavüzdür."
Zaxarova bildirib ki, ABŞ və müttəfiqləri qlobal dominantlıqlarını təmin etmək üçün kosmosa silah yerləşdirmək və kosmosdan hərbi əməliyyatlar üçün istifadə etmək siyasəti yürüdürlər.