BAKI, 17 aprel. TELEQRAF

Livanda fəaliyyət göstərən şiə təşkilatı “Hizbullah” ölkənin cənub bölgələrinə qayıdışla bağlı vətəndaşlara xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, təşkilat Cənubi Livan, Beka vadisi və Beyrutun ətrafında yaşayan sakinləri vəziyyət sabitləşənədək doğma yerlərinə qayıtmağı təxirə salmağa çağırıb. Məlumata görə, bu barədə açıqlama təşkilatın “Telegram” kanalında yayılıb.

Bəyanatda qeyd olunur ki, gecə yarısından qüvvəyə minəcək atəşkəsə baxmayaraq, məcburi köçkünlərin cənuba istiqamətlənməməsi tövsiyə edilir. “Sizi səbirli olmağa və hələlik tərk etdiyiniz ərazilərə qayıtmamağa çağırırıq. İsrail adətən razılaşmaları pozur, bunu 27 noyabr 2024-cü il atəşkəsindən sonra da etmişdi”, – deyə vurğulanıb.

“Hizbullah” livanlıların səbir və dözümlülüyünü yüksək qiymətləndirdiyini bildirib və onların təhlükəsizliyi üçün vəziyyətin sabitləşməsini gözləməyi məsləhət görüb.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp İsrail və Livanın atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Onun sözlərinə görə, Livan prezidenti Cozef Aun və İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığından sonra tərəflər 17 aprel saat 00:00-dan etibarən 10 günlük atəşkəsə razılaşıblar.