BAKI, 17 aprel. TELEQRAF
Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazisindəki evdə baş vermiş yanğınla bağlı bəzi təfərrüatlar məlum olub.
Teleqraf xəbər verir ki, həmin ünvanda yaşamış və yanğından sonra meyiti aşkarlanmış Rafət Həsənov 4 ay bundan öncə Ceyran Həsənova ilə birgə yaşadığı evdən çıxıb.
Onların boşandığı deyilir.
Rafət Həsənov dünən evə qayıdıb. Bu gün səhər saatlarında Ceyran Həsənovanı yataq otağında çarpayıya bağlayıb, mətbəxə keçib.
Mətbəxdə qazı yandıraraq alovlu salfetkaları yerə atıb. Daha sonra həyətdə özünü asıb.
Yanan evdən alov bitişik digər iki evə keçib.
Onların birgə nikahdan bir qızı, bir oğlu var. Qadın dərzi işləyib. Qonşuların verdiyi məlumata görə, 53 yaşlı Rafət Həsənov evdə olarkən həyat yoldaşını tez-tez döyürmüş.
Qeyd edək ki, aprelin 17-də saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində yanğın baş verib.
Yanğından sonra həyətyanı sahədə Rafət Həsənovun, evdə isə Ceyran Həsənovanın meyitləri aşkar olunub.
Əli Gənctürk
***
15:30
Binəqədi rayonunda baş vermiş yanğın və ölüm faktları ilə bağlı cinayət işi başlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə yaydığı məlumatda qeyd olunub.
Məlumata görə, aprelin 17-də saat 12 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə yerləşən fərdi yaşayış evində baş verən yanğınla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən yanğın söndürülərək daha geniş əraziyə yayılmasına imkan verilməyib.
Yanğın nəticəsində 1968-ci il təvəllüdlü Rafət Həsənova məxsus ümumi sahəsi 90 kv.m. olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 90 kv.m., 2 otağının yanar konstruksiyaları 32 kv.m. sahədə, bitişik sahəsi 66 kv.m. olan talvar və evin həyətində park edilmiş “BMW” markalı minik avtomobili, yaxınlıqda yerləşən 1982-ci il təvəllüdlü Əziz Vəliyevə məxsus ümumi sahəsi 80 kv.m. olan birmərtəbəli dördotaqlı evin dam örtüyü 80 kv.m. sahədə və 3 otağının yanar konstruksiyaları 46 kv.m. sahədə yanıb.
Habelə yanğının kəşfiyyatı zamanı həyətyanı sahədə Rafət Həsənovun, evdə isə 1968-ci il təvəllüdlü Ceyran Həsənovanın meyitləri aşkar olunub.
Prokurorluq əməkdaşları tərəfindən icra olunan ilkin prosessual hərəkətlər nəticəsində Rafət Həsənovun şəxsi münasibətlər zəminində keçmiş arvadı Ceyran Həsənovanı qeyd olunan evdə qəsdən öldürməsi, ardınca həmin evi və həyətdə olan avtomobili yandırması və daha sonra isə həyətyanı sahədə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.