BAKI, 15 fevral. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi süni intellekt sistemləri hazırlayan "Anthropic" şirkəti ilə əməkdaşlığı dayandırmağı nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Məlumata görə, buna səbəb şirkətin öz texnologiyalarının izləmə və silah yaradılması məqsədilə istifadəsinə məhdudiyyət qoyulmasını tələb etməsidir. Portalın Vaşinqton administrasiyasındakı mənbəsinin sözlərinə görə, Pentaqon "Anthropic"in modellərinin hərbi məqsədlərlə tətbiqinə qoyulan məhdudiyyətlərdə israr etməsi səbəbindən əlaqələrin kəsilməsi variantını qiymətləndirir.
Bildirilir ki, ABŞ Müdafiə Nazirliyi süni intellekt sahəsində əməkdaşlıq etdiyi şirkətlərdən onların məhsullarının bütün qanuni məqsədlər üçün istifadə oluna bilməsini tələb edir. Bu kateqoriyaya hərbi əməliyyatların aparılması və kəşfiyyat məlumatlarının toplanması da daxildir.
"Anthropic" isə hazırladığı sistemlərin amerikalılara qarşı kütləvi izləmə və tamamilə avtonom silahların fəaliyyətinin təmin edilməsi üçün istifadə edilməsinə qarşı çıxır.
Tərəflər arasında aparılan danışıqlar nəticə verməyib. Mənbə bildirib ki, Pentaqon bütün variantları, o cümlədən şirkətlə əməkdaşlığın tam dayandırılmasını nəzərdən keçirir. Qeyd olunur ki, bu addım ABŞ ordusu üçün çətinlik yarada bilər, çünki hərbçilər "Anthropic" tərəfindən hazırlanmış "Claude" adlı süni intellekt modelindən aktiv istifadə edirlər. Həmin model ABŞ-nin məxfi hərbi şəbəkələrinə çıxış əldə edən ilk sistem olub.