BAKI, 10 fevral. TELEQRAF

“Rosatom” dövlət korporasiyası Ermənistanda atom elektrik stansiyasının tikintisi layihəsinin icrasına ən qısa müddətdə başlamağa hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə “İzvestiya” qəzetinə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib.

Onun sözlərinə görə, “Rosatom” layihənin həyata keçirilməsinə erməni tərəfinin istəkləri nəzərə alınmaqla başlamağa hazırdır.

Qaluzin qeyd edib ki, etibarlı və artıq sınaqdan çıxmış texnologiyaların mövcudluğu, həmçinin maliyyə parametrlərinin cəlbediciliyi baxımından, o cümlədən tikinti, sonrakı istismar, kadrların hazırlanması və yenidən hazırlanması zərurəti nəzərə alınmaqla real alternativlər görünmür.

Fevralın 6-da “Rosatom”un baş direktoru Aleksey Lixaçov Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla görüşüb. Dövlət korporasiyasının rəhbəri görüşdə Ermənistan AES-in istismar müddətinin növbəti dəfə uzadılması üzrə görülən işlərin gedişi barədə məlumat verib. Eyni zamanda, Ermənistanda yeni atom enerji bloklarının tikintisi məsələsi də müzakirə olunub.