BAKI, 8 fevral. TELEQRAF
ABŞ-nin ən nüfuzlu qəzetlərindən biri olan "The Washington Post"un baş direktoru Uill Lyuis vəzifəsindən ayrılıb.
Teleqraf xəbər verir ki, o, bu barədə bəyanat yayıb.
Onun istefası redaksiyada keçirilən və işçi heyətinin təxminən 30%-ni, 300-dən çox jurnalisti əhatə edən kütləvi ixtisarlardan cəmi bir neçə gün sonra baş verib.
Lyuis yaydığı bəyanatda qərarı çətin, lakin qəzetin davamlı gələcəyi üçün zəruriadlandırıb. İxtisar prosesinə birbaşa nəzarət etmiş rəhbərin gedişi media ictimaiyyətində geniş rezonans doğurub. Qəzetin sabiq baş redaktoru Marti Baron bu günü dünyanın ən böyük xəbər təşkilatlarından birinin tarixində ən qaranlıq günlərdən biri kimi xarakterizə edib.
"The New York Times" yazır ki, Uill Lyuis 2024-cü ilin əvvəlində qəzetin sahibi Ceff Bezos tərəfindən baş direktor vəzifəsinə təyin olunmuşdu. Onun qarşısında nəşri yenidən qurmaq və uzun illərdir davam edən maliyyə itkilərini dayandırmaq vəzifəsi qoyulmuşdu.
Uill Lyuisin yerinə əvvəllər qəzetin maliyyə direktoru olmuş Ceff D’Onofrio təyin edilib.