BAKI, 8 fevral. TELEQRAF

ABŞ-nin xüsusi xidmət orqanları xarici kəşfiyyatla əlaqəli bir şəxsin ABŞ Prezidenti Donald Trampa yaxın olan şəxsə etdiyi qeyri-adi telefon zəngini qeydə alıb.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, sözügedən zəng ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) tərəfindən 2025-ci ilin yazında aşkarlanıb. Qəzetin məlumatına əsasən, ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard bu informasiyanı əldə etdikdən sonra onu geniş şəkildə yaymayıb, birbaşa Ağ Evin aparat rəhbəri Syuzan Uaylsa ötürüb.

“The Guardian” yazır ki, bundan sonra Qabbard NSA-ya bu məsələ ilə bağlı hesabatı dərc etməməyi, bütün materialları isə birbaşa özünə göndərməyi tapşırıb. Qəzet vurğulayır ki, Milli Kəşfiyyatın rəhbəri ilə NSA arasında bu mövzuda aparılan müzakirələrin detalları indiyədək ictimaiyyətə açıqlanmayıb.

Məlumata görə, məlumat verən şəxs 2025-ci ilin may ayında Tulsi Qabbardın hərəkətləri ilə bağlı rəsmi şikayət təqdim edib. Bununla belə, məqalədə nə Trampa yaxın olan şəxsin adı, nə də zəng edən tərəfin hansı ölkənin kəşfiyyatını təmsil etdiyi göstərilir.