BAKI, 6 fevral. TELEQRAF
İsrail Livan ərazisinə endirilən yeni zərbələrin şiə təşkilatı “Hizbullah”a məxsus bir neçə yeraltı obyektin məhv edilməsinə yönəldiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bunu İsrail ordusunun mətbuat xidməti bildirib.
Məlumata görə, zərbələr Livanın müxtəlif bölgələrində yerləşən və silahların saxlanılması üçün istifadə olunan tunellərə endirilib. Sözügedən tunellər “Hizbullah”ın hərbi obyektlərinin ərazisində yerləşib.
İsrail hərbçilərinin məlumatına görə, zərbələrdən sonra ikinci dərəcəli partlayışlar qeydə alınıb ki, bu da həmin ərazidə silah ehtiyatlarının mövcudluğunu göstərib.
Açıqlamada vurğulanıb ki, son bir neçə ay ərzində bu obyektlərdə “Hizbullah”ın terror fəaliyyəti qeydə alınıb və bu, İsrail ilə Livan arasında atəşkəs razılaşmalarının pozulması kimi qiymətləndirilir. Bildirilib ki, İsrail Müdafiə Ordusu ölkəyə yönələn istənilən təhlükəni aradan qaldırmaq üçün tədbirlərini davam etdirəcək.