BAKI, 28 yanvar. TELEQRAF

ABŞ lideri Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin Alyaskanın Ankoric şəhərində keçirilən sammit zamanı çəkilmiş birgə fotosu Ağ Evdə nümayiş etdirilir.

Teleqraf xəbər verir ki, bu barədə "PBS" telekanalının jurnalisti Elizabet Lenders "X" sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, foto Ağ Evin Palm otağında, əsas bina ilə Qərb qanadı arasında yerləşən tambur tipli məkanda asılıb.

Jurnalistin sözlərinə görə, həmin fotonun yanında Trampın nəvələrindən biri ilə birlikdə çəkildiyi başqa bir şəkil də yerləşdirilib. Qeyd olunur ki, yaxın vaxtlarda təmir edilmiş bu otağa Ağ Evdə daimi akkreditasiyası olan jurnalistlərin sərbəst girişi yoxdur.

Ağ Evdə nümayiş etdirilən Putin-Tramp birgə fotosu xarici görünüş baxımından ABŞ Prezidentinin ötən il avqustun 22-də jurnalistlərə göstərdiyi şəkildən fərqlənmir. Həmin vaxt Tramp fotonu ona Putinin göndərdiyini bildirmiş, özünün şəkildə normal, Rusiya liderinin isə yaxşı alındığını qeyd etmişdi.